• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri

Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri infrastruktur layihələri gəlir. Halbuki DÖT modeli təkcə nəqliyyat sahəsində deyil, səhiyyə, təhsil, su təsərrüfatı, informasiya texnologiyaları və bir çox digər sektorlarda da uğurla tətbiq olunur.

Layihələr müxtəlif hüquqi modellərlə (BOT, BOOT, DBFO və s.) həyata keçirilə bilsə də, beynəlxalq praktikada DÖT layihələrinin təsnifatı daha çox ödəmə mexanizmi, xidmətin xarakteri və risk bölgüsü əsasında aparılır. Bu yanaşma layihənin necə maliyyələşdirildiyini, özəl sektorun hansı riskləri daşıdığını və dövlətin hansı nəticəyə görə ödəniş etdiyini daha aydın göstərir.

Bu yanaşmaya əsasən DÖT layihələri dörd əsas kateqoriyaya bölünür.

  1. İstifadəyə əsaslanan layihələr (Usage-Based)

Bu modeldə özəl investorun gəliri insanların və ya müəssisələrin infrastrukturdan nə qədər istifadə etməsindən asılı olur. Başqa sözlə, obyektdən istifadə artdıqca gəlir də artır, istifadə azaldıqda isə gəlir azalır. Buna görə də burada ən böyük risklərdən biri istifadə (demand) riskidir və əsasən özəl tərəfin üzərinə düşür.

Bu modelə ən çox rast gəlinən nümunələr bunlardır:

  • Ödənişli avtomobil yolları;
  • Körpülər;
  • Tunellər;
  • Hava limanları;
  • Dəniz limanları;
  • Tramvay və metro sistemləri.

Məsələn, özəl şirkət ödənişli avtomobil yolu tikir və müəyyən müddət ərzində həmin yoldan keçən avtomobillərdən ödəniş toplayır. Əgər gözləniləndən az avtomobil istifadə edərsə, gəlirlər də azalacaq və bu risk əsasən özəl şirkət tərəfindən qarşılanacaq.

Bəzi layihələrdə isə dövlət “Shadow Toll” mexanizmi tətbiq edir. Bu halda istifadəçi ödəniş etmir, lakin dövlət yoldan istifadə edən nəqliyyat vasitələrinin sayına əsasən özəl tərəfə ödəniş edir.

 

  1. Sosial infrastruktur layihələri (Accommodation)

Bu model əsasən insanların gündəlik istifadə etdiyi sosial obyektlər üçün tətbiq edilir. Burada məqsəd gəlir əldə etmək deyil, dövlət xidmətlərinin fasiləsiz göstərilməsini təmin etməkdir.

Bu kateqoriyaya aşağıdakılar daxildir:

  • Xəstəxanalar;
  • Məktəblər;
  • Universitetlər;
  • Həbsxanalar;
  • Dövlət inzibati binaları.

Bu layihələrdə dövlət binadan istifadə edən insanların sayına görə deyil, obyektin istifadəyə hazır vəziyyətdə saxlanılmasına görə ödəniş edir.

Məsələn, özəl şirkət yeni xəstəxananı layihələndirir, maliyyələşdirir, tikir və 25-30 il ərzində onun texniki istismarını həyata keçirir. Buraya liftlərin işlək vəziyyətdə saxlanılması, isitmə-soyutma sistemləri, texniki xidmət, təhlükəsizlik, təmizlik və digər xidmətlər daxil ola bilər.

Əgər xəstəxana müqavilədə nəzərdə tutulan standartlara cavab verməzsə və ya istifadəyə hazır olmazsa, dövlət ödənişi azalda və ya müəyyən hissəsini ödəməyə bilər. Bu səbəbdən özəl tərəf obyekti daim yüksək keyfiyyətdə saxlamaqda maraqlı olur.

 

  1. Avadanlıq, sistem və şəbəkə əsaslı layihələr (Equipment, Systems or Networks)

Bu layihələrdə əsas diqqət tikilidən daha çox onun göstərdiyi xidmətin keyfiyyətinə yönəlir. Dövlət burada istifadəçi sayına görə deyil, sistemin nə dərəcədə effektiv işləməsinə görə ödəniş edir.

Bu model aşağıdakı sahələrdə tətbiq oluna bilər:

  • Yol şəbəkələrinin idarə olunması;
  • Dəmir yolu siqnalizasiya sistemləri;
  • Küçə işıqlandırılması;
  • Ağıllı şəhər sistemləri;
  • İnformasiya texnologiyaları infrastrukturu;
  • Müdafiə sistemləri.

Məsələn, avtomobil yolunun idarə olunması layihəsində ödəniş yoldan neçə avtomobil keçməsinə görə deyil, yolun daim istifadəyə açıq olmasına, qəzaların qısa müddətdə aradan qaldırılmasına, hərəkətin təhlükəsiz və fasiləsiz təşkil edilməsinə əsasən həyata keçirilə bilər.Başqa sözlə, dövlət burada nəticəni satın alır, sadəcə infrastrukturu deyil.

 

  1. Emal və istehsal obyektləri (Process Plant)

Bu kateqoriyaya müəyyən məhsul və ya xidmət istehsal edən obyektlər daxildir. Burada əsas göstərici obyektin müəyyən edilmiş nəticəni istehsal etmək qabiliyyətidir.

Ən geniş yayılmış nümunələr bunlardır:

  • İçməli su təmizləyici qurğular;
  • Tullantı su təmizləmə stansiyaları;
  • Tullantıların yandırılması müəssisələri;
  • Bəzi hallarda enerji istehsalı obyektləri.

Məsələn, tullantı su təmizləmə stansiyasında dövlət ödənişi yalnız emal olunan suyun həcminə görə deyil, stansiyanın müqavilədə nəzərdə tutulan keyfiyyətdə təmizlənmiş su istehsal etmək imkanına görə həyata keçirir.

Eyni yanaşma tullantıların yandırılması zavodlarında da tətbiq edilir. Əgər müəssisə müqavilədə göstərilən gücdə fəaliyyət göstərə bilməzsə və ya tələb olunan performansı təmin etməzsə, ödəniş azaldılır və ya tamamilə dayandırılır.

14/07/2026

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Xəbərlər

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Layihələrin idarə olunması yalnız metodologiya və alətlərdən ibarət deyil — bu, ...

Nailə Məmmədli ilə Cybersecurity və Layihə ...

Xəbərlər

Nailə Məmmədli ilə Cybersecurity və Layihə ...

Dilshad İbrahimova: Yeni proqramımızla bağlı planlamalar, tanıtımlar və ümumilikdə marketinq fəaliyyətlərini ...