Xəbərlər
Mif #8: "Agile Coach deyilsən? Həll elə də problemlərimizi!"
Salam hörmətli oxucular,
Havalar istiləşir, əhvalımız daha da yaxşılaşır... Bu arada isə Texnologiya nəhəngləri işçilərini uzunmüddətli distansiyayönümlü işə keçirirlər (Facebook, Google, Twitter). Bütün bunlara baxmayaraq bloqumuz öz işini davam etdirir və bu gün biz Agile Coach-larla tanış olacağıq. Əsasən Agile Coach kimdir və onun əsas funksiaları nədən ibarətdir sualına birlikdə cavab axtaracağıq.
Agile transformasiya prosesi Azərbaycan üçün tamamilə yeni bir düşüncə tərzidir desək yanılmarıq. Hər bir yenilik isə əsasən nəyə məruz qalır? Dezinformasiyaya -> Yəni informasiyanın səhvliyi və natamamlığına. Ümumdünya şəbəkəsinin istifadəsi, axtarış sistemlərinin hazırki durumu və qlobal inteqrasiya ona gəlib çıxarıb ki, istənilən sualı Google-a yazsaq kifayət qədər informasiyaya sahib ola bilərik. Lakin mənbələrin, qaynaqların və informasiyanın düzgünlüyü burada çox vacibdir.
Baxaq görək "Agile Coach" yazanda Google bizə hansı tərif verir. Güləcəksiniz )) Formalaşmış ümumi tərif belə yoxdur. Lakin Agile mühitində çox rəğbət qazanmış scrum.org portalı deyir ki: "Agile Coach əsas dəyərlərə fokuslanaraq (Agile Manifesto və digər yanaşmaların) problemlərin həlli üçün istiqamət göstərir".
Ümumiyyətlə tendensiya onu göstərir ki, Agile ilə təzə-təzə maraqlanmağa başlayan insanlar Scrum yanaşması ilə başlayırlar (framework). Orada isə ənənəvi olaraq Scrum Master (oxu SM) rolu var. Əsas çaşdıran faktorlardan biri isə orada SM-in öhdəliklərindən əmələ gəlir: "Scrum is responsible to remove impediments". Yəni SM problemlərin aradan qaldırmasına cavabdehdir. Avtomatik olaraq bunu oxumuş və eşitmiş əməkdaşlar düşünürlər ki, "Aha, deməli bizdə nə problemlər varsa ötürürük SM-ə və ya Agile Coach-a, o həll edər. Bu onun işidir!". Hər bir Agile Coach-un vəzifəsi ondan ibarətdir ki, komandaya belə məqamlarda düzgün yol göstərsin. Agile Coach problemləri həll etmir...Agile Coach komandaya düzgün istiqamət verir ki, onun nəticəsində Squad və ya şirkətin Liderləri özləri həlli tapsınlar. Aşağıda göstərilən şəkil Liderin və ya Coach-ın transformasiyaya uğramaya ilk addımlarını atan əməkdaşlara qarşı səhv yanaşmanı izah edir.
Soruşa bilərsiniz ki, bəs Agile Coach olmaq üçün hansı biliklərə, təcrübəyə sahib olmaq lazımdır? Hansı sertifikatlar almaq lazımdır?
İnandırım ki, bunların hamısı işin maksimum 20-30%-dir...Bəlkə də ondan da az. Məsələn bizim şirkətdə hal-hazırda 6 Agile Coach çalışır. Hərənin öz işgüzar yolu və kompetensiyası var. Kimsə keçmiş Layihə rəhbəridir, kimsə keçmiş Məhsul Sahibi və Strategiya planlaması mütəxəssisidir, kimsə ümumiyyətlə Sistem Proqramçısı olaraq başlayıb və illər ötdükcə Agile Coach kimi fəaliyyət göstərir. Özümü götürsəm, karyeramı bank sektorunda Kredit və Sənədli Əməliyyatlardan başlayıb Marketinq-ə kimi yol keçmişəm. Hamımız müxtəlif təbiətli insanlarıq, iş mühitində müxtəlif yanaşmalardan istifadə edən həmkarlarıq. Lakin bizi birləşdirən bir amil var -> Qoruduğumuz dəyərlər. Biz istənilən formada informasiyanı çatdıra bilərik, amma hər şey əsas dəyərlərimiz ətrafında fırlanır. Məhz bunu da Agile Coach komandaya, təşkilata daimi olaraq və aramsız şəkildə çatdırmalıdır.
Agile sözü əslində dəbli və marketinq yönümlü bir sözdür. Bir sıra insanlarda qıcıq və skepsis yaradır. Lakin onun çoxdan istifadə olunan və bəşəriyyət tərəfindən qəbul olunmuş sinonimi var -> "Sağlam düşüncə".
Əgər biz vurğuladığımız dəyərlərə əsasən hərəkət etsək bu kifayət edər, özünüzə "Mən Agile-əm" ləqəbini verib-verməməyinizdən asılı olmayaraq. Agile Manifestonun əsas dəyərlərindən savayı vurğulamaq istədiyim məqamlar və açar yanaşmalar:
Müştəriyönümlü
Adaptiv
Fərziyyə (hipoteza) yoxlayan
Təşəbbüskar
Əməkdaşlığa açıq
Bilikləri paylaşan
Cəsarətli
Hörmət bəstələyən
Sözünün üstündə duran
Səhv etməkdən qorxmayan
Feedback və konstruktiv tənqidə açıq olan
Özünə inanan
Dəyər gətirməyi ani gəlirdən üstün tutan
Dürüst
Yeniliklərdən qorxmayan
Əslində bu siyahı daha uzun ola bilərdi, amma bu dəfəyə kifayət edər. Təklif edirəm hər biriniz özünüzü bu meyarlardan test edin və özünüzə dürüstcəsinə cavab verin ki, hansı məqamlar sizdə öz əksini tapır, hansılar isə hələ işlənməlidir. İstəsəniz sonra nəticələri mənimlə paylaşa bilərsiniz :)
Agile Coach-un əsas funksiyası da daimi olaraq dəyərlər üzərindən keçmək və suallar vasitəsilə insanları yönləndirməkdir. Dünya praktikasında bir sıra səhv yanaşmalar çoxdan özünə termin adı qazanıb (Anti Pattern) və olduqca geniş sayda məqalələr də dərc olunub. Məsələn ən çox yayılan sindromlardan biri Scrum Mom sindromudur harada ki:
Bütün problemlər şəxsən Coach tərəfindən qarşılanır
Aidiyyatı tərəflərdən gələn mənfi (konstruktiv) feedback-lərdən komanda qorunur
Coach komandanın şəxsi katibəsi rolunu oynayır və komandadan gələn tapşırıqları yerinə yetirir (təqdimat hazırlamaq, əvəzinə iş görmək və s.)
Komanda bütün potensial səhvlərdən qorunur. Hətta onlara kömək edəcək səhvlərdən belə
Komanda stresdən qorunur və istənilən çağırışlara qarşıdır -> Bu günümüzə min şükür!
Coach tərəfindən komandada favoritlər seçilir və onlara daha çox diqqət ayrılır.
Coach tərəfindən sinəsinə vurub "Düzdür/Səhvdir fərq etməz. Mənim komandamdır - əccəb edirlər!" deyilir
Bu dəfə məqalə olduqca iri alındı, lakin bu cari məsələ olduqca çətin və çaşdırıcıdır deyə üzərindən keçməyi özümə borc bildim. Nəticədə Agile Coach kimdir və əsas funksiyaları nədir sualına birlikdə cavab verməyə çalışaq - "Agile Coach əsas dəyərlərə fokuslanaraq, düzgün suallar və yanaşmalar vasitəsilə insanların problemlərini özləri tərəfindən həll etmələri üçün istiqamət göstərən birisidir". Əgər siz daha yaxşı və səlist tərifi təqdim edə bilərsinizsə çəkinmədən mənimlə paylaşın. Gələcək azərbaycandilli resurslar üçün bu məqam çox vacibdir.
Bu günlük bu qədər. Suallar və təkliflərinizi məmnuniyyətlə gözləyəcəm! Uğurlar!
Sizin Coach :)
Ardı var...
07.06.2021