Xəbərlər
Greenghosting: İkiüzlülüyün ən pis forması
Greenwashing, greenlighting, greenlabelling, greenhushing, greenshifting və greenrinsing artıq həyatımızın bir hissəsinə çevrilib. Hər biri davamlılıq trendindən qazanc əldə edərkən məsuliyyətdən yayınmaq üçün istifadə olunan ayrı-ayrı taktikadır. Amma indi meydanda yeni bir anlayış var — və digərlərindən daha pisdir.
Mən buna Greenghosting deyirəm.
Greenghosting o zaman baş verir ki, bir təşkilat özünü davamlılıq üzrə düşüncə lideri kimi təqdim edir — saysız-hesabsız bloqlar dərc edir, mükafatlar paylayır, hətta kitablar yazır — amma öz daxili əməliyyatlarında ən minimal tələbləri belə yerinə yetirmir. Heç bir davamlılıq siyasəti yoxdur. Karbon izi analizi yoxdur. ESG hesabatlılığı yoxdur. Şəffaflıq yoxdur. Heç nə yoxdur.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Aydınlıq gətirim: biz hər hansı bir təşkilatla işləyəndə bunu nəzərə alırıq. Biz mümkün olan ən yüksək səviyyədə şəffafıq. Karbon izimiz ana səhifəmizdə yerləşir, siyasətlərimiz ictimaiyyət üçün açıqdır — istənilən şəxs istifadə edə bilər — və Davamlılıq Hesabatımız BMT səhifəmizdə mövcuddur. Bu sahədə Communication on Progress hesabatı təqdim edən iki təşkilat var: biz və Project Management Institute. Bununla qürur duyuruq.
Digərləri üçün isə zahirdə liderlik kimi görünür. Məhz istədikləri də budur. Amma daxildə boşluq var. Və bu, davamlılıq sahəsində ikiüzlülüyün ən pis formasıdır.
Yalnız danışıq, heç bir əməl
Bir məqamı dəqiqləşdirmək istəyirəm. Bu yazı çalışıb büdrəyən təşkilatlar haqqında deyil. Uğursuzluq mümkündür. Ambisiyalı hədəflər bəzən gecikə bilər. Uğursuzluq barədə şəffaflıq belə irəliləyişdir — niyyəti, öyrənməni və inkişafı göstərir.
Greenghosting isə fərqlidir.
Greenghosting — çox danışmaq, amma addım atmamaqdır. İctimai mesajlarda “davamlı gələcək qurmaq” kimi yüksək ritorika yer alır, amma daxili reallıq boş bir səhifədir. Heç bir metrik yoxdur, siyasət yoxdur, hesabatlılıq yoxdur. Yalnız reputasiya qurmaq üçün özünü tərifləyən məzmun axını var — məsuliyyətdən yayınaraq. Və diqqətlə baxsanız, bunu yazılarında da görmək mümkündür.
Əgər greenhushing qorxaqlıqdırsa, Greenghosting teatrdır.
Digər greenwashing formalarından daha pis (bəlkə də daha təhlükəli)
Greenwashing bütün formaları ilə problem yaradır, çünki reallığı bulanıqlaşdırır. Amma Greenghosting xüsusilə zərərlidir, çünki həcmi ilə məzmunu arasında böyük uçurum var.
Greenlighting zamanı adətən səs-küyün içində ən azı bir real (hətta çox kiçik də olsa) təşəbbüs olur. Greenlabelling zamanı araşdırıla biləcək real bir məhsul mövcuddur. Greenshifting zamanı isə istehlakçını günahlandıran narrativi sorğulamaq mümkündür.
Bəs Greenghosting? Heç nə yoxdur. Yalnız parlaq məqalələr, cazibədar mükafatlar, səhnələşdirilmiş tədbirlər — və onların altında… heç nə.
Bu, sadəcə çaşdırıcı deyil. Bu, təhqiredicidir. Bu, etimada birbaşa hücumdur.
Və davamlılıq sahəsində ən vacib valyuta məhz etimaddır. Bir dəfə itirildikdə, onu bərpa etmək demək olar ki, mümkün olmur.
İkiüzlülük hərəkatı zəiflədir
Davamlılıq etimada əsaslanır. İnvestorlar açıqlamaların reallığı əks etdirdiyinə inanmalıdır. İşçilər şirkətlərinin dediklərini həyata keçirdiyinə inanmalıdır. İcmalar layihələrin onları daha pis vəziyyətdə qoymayacağına inanmalıdır.
Greenghosting bütün bunları sarsıdır.
Təşkilatlar özlərini davamlılıq lideri kimi təqdim edib, eyni zamanda öz təsirlərini ölçməkdən imtina etdikdə insanlar bunu görür. İşçilər görür. İcmalar görür. İnvestorlar görür. Və kinayəçilik formalaşdıqdan sonra bu, yalnız bir təşkilata deyil, bütün peşənin etibarlılığına zərbə vurur.
Əgər nə vaxtsa insanların ESG-yə niyə istehzalı yanaşdığını düşünmüsünüzsə, səbəb budur. Davamlılıq əhəmiyyətsiz olduğu üçün yox. Ona görə ki, çoxlu təşkilatlara davamlılığı tətbiq etmək əvəzinə sadəcə “oynamağa” icazə verilib.
Greenghosting — yüksək səviyyəli performans sənətidir. Amma auditoriya artıq buna inanmır.
Sükut Daha Yaxşıdır
Budur acı həqiqət: sükut Greenghosting-dən daha yaxşıdır.
Heç olmasa sükut bizi təhqir etmir. Heç olmasa sükut təvazökarlıq və inkişaf üçün yer saxlayır. Heç olmasa sükut, haqq etmədiyiniz etibarı qazanmaq üçün davamlılıq ritorikasını silaha çevirmir.
Təşkilatlar Greenghosting etdikdə, onlar sadəcə töhfə vermirlər — həqiqətən ağır işi görənlərin etibarlılığına aktiv şəkildə zərər vururlar. Onlar quyunu zəhərləyirlər.
Və iqlim dəyişikliyi, biomüxtəlifliyin çökməsi və sosial bərabərsizliklərin sürətlə artdığı bir dövrdə zəhərlənmiş quyulara vaxtımız yoxdur.
Nə dəyişməlidir
Əgər Greenghosting-in daha da yayılmasının qarşısını almaq istəyiriksə, standartları yüksəltməliyik.
Sübut göstərin. Davamlılıq haqqında bloq yazmaq istəyirsinizsə, siyasətlərinizi dərc edin. İqlim dayanıqlılığı mövzusunda çıxış etmək istəyirsinizsə, karbon izinizi açıqlayın. Davamlılıq mükafatı təqdim etmək istəyirsinizsə, əvvəlcə öz rəqəmlərinizi paylaşın. Sübutu olmayan məzmun sadəcə səs-küydür.
Platformalar məsuliyyət daşımalıdır. Konfranslar, nəşriyyatlar və mükafat komitələri Greenghosterlərə tribuna verməyi dayandırmalıdır. Görünürlük verməzdən əvvəl davamlılıq təcrübəsinə dair sübut tələb edin. Bu çətin deyil. Əgər spiker bioqrafiyası istəyə bilirsinizsə, davamlılıq hesabatı da istəyə bilərsiniz.
Adını qoyun. Greenghosting-i gördükdə onu bu adla çağırmalıyıq. Günəş işığı ən yaxşı dezinfeksiya vasitəsidir. Bunun baş vermədiyini düşünmək ikiüzlülüyün böyüməsinə şərait yaradır.
Mükəmməllik yox, şəffaflıq. Şirkətlər başa düşməlidirlər ki, qeyri-mükəmməllik barədə dürüstlük, hər şeyi bildiyini iddia etməkdən daha çox etibar yaradır. “Hələ karbon izi analizimiz yoxdur, amma onu əldə etmək üçün planımız budur” demək, pərdə arxasında heç nə etmədən lider kimi çıxış etməkdən qat-qat yaxşıdır.
Şəffaflıq olmadan davamlılıq — fırıldaqdır
Məsələnin mahiyyəti budur: şəffaflıq olmadan davamlılıq fırıldaqdır.
Öz təsirlərinizi açıqlamaqdan imtina edərək davamlılıq qayğısı göstərdiyinizi iddia edə bilməzsiniz. Öz izinizi ölçmək və idarə etmək üçün heç bir addım atmadan lider kimi poza verə bilməzsiniz. İkiüzlülük edərək etibar qura bilməzsiniz.
Greenghosting səhv addım deyil. Bu, strategiyadır. Və iddia etdiyi dəyərləri məhz özü sarsıdan bir strategiyadır.
Risklər (The Stakes)
Biz artıq bir çox qlobal hədəfləri qaçırmışıq — o cümlədən Aichi Biodiversity Targets və Minilliyin İnkişaf Məqsədlərinin əksəriyyətini. Digərlərini də qaçırmaq təhlükəsi ilə üz-üzəyik — Sustainable Development Goals və Kunming-Montreal Global Biodiversity Framework kimi.
Hər qaçırılan hədəf qarşıdakı işi daha da çətinləşdirir. Hər itirilmiş il dağı daha da dikləşdirir. Və hər dəfə bir təşkilat Greenghosting etdikdə, tərəzinin səhv tərəfinə əlavə çəki qoyur.
İqlim böhranı sizin bloqunuza əhəmiyyət vermir. Biomüxtəliflik itkisi kitab nəşr etdiyiniz üçün dayanmaz. Sosial bərabərsizliklər mükafat təqdim etdiyiniz üçün aradan qalxmaz. Həqiqi dəyişiklik hesabatlılıq tələb edir. Hesabatlılıq isə şəffaflıqla başlayır.
Kölgələri dağıdın
Greenghosting ən pis ikiüzlülük formasıdır, çünki fəaliyyətsizliyi liderlik dili ilə ört-basdır edir. Davamlılığın məsuliyyətini daşımadan onun etibarlılığını qazanmaq istəyən təşkilatlara sığınacaq verir.
Və əgər bunu oxuyarkən bir az narahat oldunuzsa — yaxşı. Deməli, söz sizə aiddir.
Qalanlarımız bu oyuna qoşulmağa məcbur deyilik. Sübut tələb edə bilərik. Standartları yüksəldə bilərik. Adını olduğu kimi deyə bilərik.
Çünki əgər siz hərəkatda real iştirak etməyə, irəliləyiş üzrə öhdəlik və hesabat təqdim etməyə, ölçməyə, hesabat verməyə və öz təsirləriniz üçün məsuliyyət daşımağa hazır deyilsinizsə, edə biləcəyiniz ən “davamlı” addım — susmaqdır.
Bu “kölgələr” açıq-aşkar görünür. Və hamı sizi görür.
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun
18.02.2026
Xəbərlər
Layihə Milestone-ları nədir? Onları necə müəyyən ...
Bir çox insan layihə milestone-larını sadəcə layihə qrafikində əsas hadisələri planlamaq, ...
Xəbərlər
Top-down vs Bottom-up idarəetmə: Hansı daha ...
Yaxşı lideri nə müəyyən edir? Güclü kommunikasiya? Əməkdaşlıq bacarığı? Yoxsa çətin ...