Xəbərlər
Rasim Xammədov ilə layihə idarəetməsi və Fintex dünyasına baxış
Dilshad İbrahimova: Bugünkü müsahibimiz PMO.az ekspertlərindən biri, layihələrin idarə olunması, maliyyə, fintex və innovasiya sahələrində zəngin təcrübəyə malik IPMA Level B sertifikatlı Rasim Xammədovdur.
Rasim müəllimlə tanışlığımızın maraqlı bir hekayəsi var. Bir müddət əvvəl Xankəndidə həyata keçirilən layihələrdən birində birlikdə çalışmaq imkanımız oldu. Həmin dövrdə layihələrin mürəkkəbliyi, sürətli qərarvermə tələbləri və müxtəlif maraqlı tərəflərlə koordinasiya ehtiyacı Rasim müəllimin peşəkarlığını yaxından müşahidə etməyə şərait yaratdı. Məhz o layihə zamanı onun analitik düşüncə tərzi, sistemli yanaşması və nəticəyönümlü fəaliyyəti diqqətimi cəlb etdi. Sonra isə layihələrin idarə olunması, maliyyə və innovasiya istiqamətlərində qazandığı uğurlar bu ilk təəssüratın nə qədər doğru olduğunu bir daha təsdiqlədi.
Rasim Xammədov 1984-cü ildə Özbəkistanda anadan olub. Son 10 ildən artıqdır ki, Azərbaycanda yaşayır. Ailəlidir, iki övladı var. Bakı Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra Moskva Dövlət Akademiyasında hüquq təhsili əldə edib.
Layihələrin idarə olunması sahəsində fəaliyyət göstərən Rasim müəllim Level B sertifikatının sahibidir. Hazırda Azərbaycan bazarında maliyyə, bankçılıq, fintex və innovasiya istiqamətlərində layihələrin idarə olunması ilə məşğuldur. Eyni zamanda Azərbaycan Fintex Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Fintex Alyansının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Onun əsas fəaliyyət istiqamətlərindən biri də innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş layihələrin idarə olunması, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq və dəstək təşəbbüslərinin həyata keçirilməsidir.
Bu gün Rasim müəllim öz təcrübəsini, layihələrin idarə olunması sahəsində qazandığı bilikləri və fintex sektorunda müşahidə etdiyi inkişaf tendensiyalarını bizimlə bölüşəcək.
Rasim müəllim böyük təcrübəniz var, fərqli layihələr idarə etmisiniz. Sizi tanıyanlar daha çox bank sektorundakı fəaliyyətinizlə tanıyır. Ümumiyyətlə, hansı növ layihələrdə iştirak etmisiniz və bu bank təcrübəsini özünüz necə qiymətləndirirsiniz?
Rasim Xammədov: Bilirsiniz, mən bank sahəsinə gəlməmişdən öncə əslində dövlət qulluğunda idim. Maliyyə sektorunun sırf qiymətli kağızlar və broker-diler istiqamətində, hansı ki xəzinədarlıq və əməliyyat hissəsində çalışırdım. Sonradan bank sahəsinə keçdim və orada daha çox metodoloji tərəflə – metodologiyanın qurulması, layihələrin idarə edilməsi əsasında yeni məhsulların yaradılması ilə məşğul oldum.
Yəni son 2013-cü ildən keçən ilə qədər sırf bank sahəsində, metodologiyanın qurulması, layihələrin idarə edilməsi əsasında yeni məhsulların yaradılması və innovasiya layihələrinin daxilində olmuşam. İndi də paralel olaraq innovasiya üzrə startapların idarə edilməsi, sırf türkdilli ölkələrin üzərində aparılan dəstək layihələri ilə çalışırıq.
Bu qədər illik bank təcrübəmin qiymətləndirilməsinə gəldikdə isə, öz sahəmdə gördüyüm zamandan deyə bilərəm ki, bankda və bu cür layihələrdə çalışmaq üçün tək təhsil bəs eləmir. Orada kifayət qədər böyük bir təcrübə, geniş netvörkinq və böyük analitik düşüncə tərzi lazımdır. Ən əsası isə, qarşına çıxan layihəni düzgün idarə etmək üçün təcrübədən də başqa, ətrafında olan layihələrdən anlayışın olmalıdır, yəni dünyadakı yaxşı təcrübələri, "best practice"ləri bilməlisən. Bax, bu keyfiyyətlər olmasa, bank sahəsində layihə idarə etmək həqiqətən çox çətindir.
Dilşad İbrahimova: İşində hər zaman optimal yollar axtaran bir mütəxəssis kimi, həyat dərsinizi kimdən götürmüsünüz?
Rasim Xammədov: Həyat dərsimi mən, öz payımı deyim, atamdan götürmüşəm. Ondan kifayət qədər böyük bir təcrübə görmüşəm və o təcrübə mənə son gününə qədər hər dəfə maariflənməyi, yenilənməyi və öyrənməyi aşılayıb. Hətta mənə elə gəlirdi ki, kifayət qədər çox şeyləri hələ də bilmirəm.
Böyüklərin verdiyi o təcrübəni biz gərək vaxtında qiymətləndirək. Zaman keçdikcə insan başa düşür ki, onun qiymətini kifayət qədər zamanında verə bilmirik. Sonradan anlayanda ki, "ay da, bu da var imiş, bu da var imiş", artıq o vaxt keçmiş olur.
Ona görə də öz zamanınızı imkan daxilində düzgün qiymətləndirin. Ətrafınızda olan mentor və məsləhət verən adamlardan çox yaxşı yapışın. İmkan daxilində maksimum olaraq yenilikləri öyrənin ki, onlar sizə düzgün istiqamət versinlər.
Dilşad İbrahimova: Gərgin iş həftəsindən sonra istirahətinizi necə təşkil edirsiniz?
Rasim Xammədov: İstirahət əslində bir neçə hissəyə bölünə bilər: şəxsi istirahət, ailə ilə keçirilən istirahət, kollektivlə olan istirahət, həmçinin iş fəaliyyətinizlə də bir növ istirahət edə bilərsiniz. Bu seçimlər arasında mənim ən çox prioritet verdiyim ailə daxilində olan istirahətdir; yəni ailə ilə birlikdə harasa gəzintiyə çıxmaqdır. Şəxsi istirahətimə gəldikdə isə, Bakıdan danışırıqsa, çalışıram şəhərdən kənara çıxam və bir az təbiətə qovuşam, təbiətlə yaxın olam. Digər bir prioritetim isə kollektiv üzərindən işgüzar münasibətlərin qurulması və davam etdirilməsidir. İstər hal-hazırdakı, istərsə də köhnə, əvvəlki işimdəki kollektivlə çalışırıq ən azı ayda bir dəfə görüşək. Oturub yenilikləri, trendləri "brainstorming" edirik ki, bu da özlüyündə bir istirahət növüdür.
Və nəhayət, iş fəaliyyətinin özü ilə də dincəlmək olar. Hansısa maraqlı bir layihəni götürüb, ona paralel olaraq bir hobbi qismində yanaşmaq da istirahət sayıla bilər. Amma təbii ki, buna kifayət qədər çox vaxt ayırmaq bir az düzgün deyil. Çünki insan nəzərə almalıdır ki, beynimiz tam dincəlmək üçün işdən bir az kənarda da olmalıdır.
Dilşad İbrahimova: Yeməklə və idmanla aranız necədir?
Rasim Xammədov: Yemək məsələsində, mən düşünmürəm ki, Azərbaycanda hansısa yeməyi sevməyən kimsə olsun. Demək olar ki, bütün azərbaycanlılar yeməyi sevir, mən də o cümlədən. Amma son zamanlar çalışıram ki, bir az yağlılıqdan yox, qızardılmış xörəklərdən kənar duram. Təbii ki, qızardılmış dedikdə də fərq var: yağın içində qızardılmış başqadır, barbekü, yəni kömürün içində qızardılmış bir az başqadır.
İkinci tərəfdən, mən özüm Orta Asiyalı olduğuma görə ailəmizdə kulinariya tərəfindən süfrə üstündə kifayət qədər böyük yemək çeşidləri var. Burada nəinki Orta Asiyanın, şərq tərəfin – Koreya, Çin və sairə mətbəxlərinin, o cümlədən Azərbaycan yeməklərinin çeşidləri çoxdur. Son zamanlar mənim meyilliyim daha çox Azərbaycan yeməklərinədir, amma ondan qabaq, düzünü desəm, bir az özbək və qazax mətbəxlərinin daxilində idi.
İdmana gəldikdə isə, əvvəllər bura meyilliyim çox idi və aktiv mətbəğul olurdum. Amma son 10 ilə yaxındır ki, ancaq adi "light fitness" sayılan idmanla məşğulam; "gym"də, loru dildə desək, məşq edirəm. O da yalnız boş vaxtımız olanda çalışıram ki, Bakıda, bulvarımızın ətrafında tez-tez gəzintiyə çıxam. İdmana bir az o qismdə, atletik yanaşma ilə baxıram.
Dilşad İbrahimova: Özünüzü necə xarakterizə edə bilərsiniz?
Rasim Xammədov: Düşünürəm ki, bu sualın cavabını mənim ətrafımda olan insanlara – dostlarıma yox, elə sırf tanışlarıma vermək daha yaxşı olar. Amma məndən soruşsanız, "Qıraqdan Rasim Xammədovu necə tanıyırsan?" birinci növbədə deyərdim ki, qəlblə təmiz və saf biridir. Çünki ətrafımdakılar mənə bunu özləri deyirlər, bunu mən özümdən demirəm. İkinci yanaşmam – çalışan, əziyyət çəkən hər kəsə əlimdən gəldiyi qədər dəstək duran biriyəm. Bir də üçüncüsü, hər hansı bir işin qulpundan yapışan və onu sona kimi mütləq gedib çatdıran biriyəm.
Dilşad İbrahimova: Maraqlı müsahibə üçün təşəkkür edirəm, Rasim müəllim. Ümidvaram ki, siz də müsahibədən razı qaldınız.
Rasim Xammədov: Çox sağ olun Dilşad xanım. Həqiqətən suallar çox maraqlı idi. Hər biri gündəlik həyatımızda qarşılaşdığımız, bizi məşğul edən mövzulara toxunurdu. Düşünürəm ki, buradakı ən vacib məqam da elə bu idi; biz bir-birimizi daha yaxşı tanıdıq. Bu da gələcəkdə necə birgə inkişaf edə biləcəyimizi və bir-birimizə necə dəstək duracağımızı bilmək baxımından çox əhəmiyyətlidir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
23.06.2026
Xəbərlər
ADA Universitetinin tələbələri üçün təşkil olunan ...
Ekspertlərimizdən Zeynəbxanım Hüseynova və Firuzə Nəsibzadənin iştirakı ilə ADA Universitetinin tələbələri ...
Xəbərlər
Avrora komandası ilə birlikdə IPMA ICB4 ...
Avrora komandası ilə birlikdə IPMA ICB4 təliminə start verdik və artıq ...