Xəbərlər
Mif #4. Agile plansız şəkildə görülən işlərdir…Bir sözlə faydasız xaosdur!
Dəyərli oxucular,
Azərbaycan və bütün dünya üçün bu çətin anlarda bir-birimizlə daha çox informasiyanı paylaşmalıyıq. Əgər bizim əsas şüarımız #evdəqal –dırsa, o zaman onlayn qaynaqların vacibliyi daha da artır.
Bu arada mən bloqumun növbəti məqaləsini sizə çatdırmaq istərdim.
Demək olar ki, Agile ilə maraqlanan hər bir kəs “Agile Manifesto” – da qeyd olunan 4-cü dəyərdən xəbərdardır. -> Dəyişikliklərə qarşı hazırlıq cari plan gedişatından üstündür.
Məhz bu cümlə əksəriyyəti çaşdırır və səhv səmtə yönəldilmələrinə təkan verir. “Plan gedişatından üstündür” anlamı o demək deyil ki, iş tam plansız qurulmalıdır. Düzgün planlama hər bir görülən işin ayrılmaz hissəsidir (bünövrəsidir). Lakin planın gözü bağlı icrası gözlənilməyən nəticələrə gətirib çıxara bilər. Ələlxüsus da “müştəri feedback”-ı əsas olan düşüncə tərzində.
Məsələn: Bir ay bundan əvvəl biz komandamızla birlikdə yeni məhsulu yaradanda ilkin plan qurmuşduq ki, bir qrup müştəri ilə görüşlər təşkil edib həm öz hipotezalarımızı yoxlayaq, həm də müştərinin ağrılı yerlərini təyin edək. Müəyyən hissə ilə planlaşdırılmış qaydada bunu etdik. Lakin, indiki durumda tet-a-tet görüşlərin reallaşması çox çətin olduğundan “vay vay, nə edək indi, planımız batdı ki” əvəzinə “Ok, gəlin alternativ yollar fikirləşək...Yəqin hal-hazırda belə rəqəmsal həllər var ki, biz görüşləri məsafədən edə bilərik!” yanaşmasını tətbiq etməyə qərara gəldik.
Nəticə? Vaxtında və anında görülən dəyişikliklər işimizə müsbət yaradı.
İndi isə gəlin bir az xaos barədə söhbət açaq...
Bəşəriyyət və insanlar tez-tez işləri sistemləşdirilmiş qayda toplusu altında sığışdırmaq istəyir. Lakin, yaddan çıxarmayaq ki, təbiət daimi olaraq xaotik və gözlənilməz olur. Tim Harford-un “Xaos. Qarışıqlıq həyatımızı yaxşılığa doğru necə dəyişir” kitabında xaos sırf qarışılıqlıq kimi göstərilməyib. Xaos gözlənilməz, çevik və müxtəlif qərarların verilməsi prosesi kimi əks olunub.
Praktikada görülən üç müxtəlif keysi nəzərinizə çatdırıram.
Keys #1: Xaos güclü bir silahdır.
X şirkətində işləyəndə biz işçilərin “Sahiblənmə” bacarıqlarını artırmaq üçün onları növbəti üç ilin strateqiyalarını yazmağa cəlb etdik. Əvvəllər onlar bu prosesdən kənarda qalaraq yalnız texniki və tətbiqi məsələlər ilə məşğul idilər. İndi isə hərəsi öz sahəsi üzrə ümumi şirkətin strategiyasına aid olan öz strategiyalarını yazmalı idilər. Təbii ki, strategiyanın yazması prosesi olduqca çətin, vaxt aparan və bilik tələb edən bir prosesdir. İlk günlər və hətta ayda komandalar bu işə çox həssas, skeptik və mənfi yanaşırdılar. Nəyə görə? Çünki bu onların planına daxil deyildi. Biz isə onları bir qədər xaotik surətdə işləməyə vadar etdik. Yəni bu vaxta qədər işləmədikləri bir işi... Əsası da o idi ki, bu işin onların sonrakı gələcəklərinə açıq aşkar təsiri var idi. Coach olaraq mən onlara bu prosesin onlara nə dərəcədə faydalı olduğunu izah etdim və nümunələr gətirdim, həmkarlarım ilə birlikdə müntəzəm workshop-lar keçirdim. Nəticə etibarı ilə komandalar öz sahələrini daha da dərindən tətqiq edib yekun informasiyanı dolğun və səlist şəkildə təqdim etdilər.
Nəticə?
İlkin reaksiya -> “Bu nəyə lazımdır axı?”, “Bu bizim planımıza uyğun deyildi!”.
Zaman ötdükcə -> “Həqiqətən faydalı oldu!”, “Maraqlı təcrübə idi!”.
Keys #2: Xaos bizi diqqətli olmağa vadar edir.
Niderland Krallığının Draxten şəhərində Loveypleyn mürəkkəb bir yol ayırıcısı mövcud idi. Piyadalar, maşınlar, velosipedlər, tıxaclar…Bir sözlə kim birinci keçdi – keçdi. Təbii ki, yol qəzaların sayı həddindən artıq çox idi. O ana qədər ki, yol hərəkəti üzrə ekspert Hans Monderman Loveypleyn üçün transformasiya fikirləşdi. Squareabout adlı və dördbucağa bənzər yol ayırıcısı hər bir tərəfdən aktiv şəkildə hərəkəti nəzərdə tuturdu. Bu isə nəyə gətirdi? Bütün hərəkət iştirakçıları müəyyən gərginlik və həyəcan altında oldular. Buna baxmayaraq qəza sayı ikiqat azaldı. Səbəb? Bu yol ayırıcısı hamının gözündə təhlükəsiz əvəzinə təhlükəli görsənirdi. Bu isə öz növbəsində diqqətliyin və ehtiyatlığın artmasına gətirdi. Xaos sizi avtomatik işləyən robot durumundan daim diqqətli, digərlərinə qarşı təmkinli və operativ vəziyyətə gətirən bir amil oldu.
Nəticə?
İlkin reaksiya -> “Bu yol çox təhlükəli oldu! Vətəndaşlara qarşı bu nə laqeydlikdir?”
Zaman ötdükcə -> “Bütün günü yuxuluyam, amma bu yol ayırıcına gələn kimi sanki soyuq duş altına daxil oluram!”
Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər üçün
Keys #3: Xaos bizim daxili istedadımızın meydana çıxmasına təkan verir.
İdman tarixində ən faydalı düşüncə tərzlərindən biri olan “Total Futbol” anlamı. Futbol yaranandan (1857) meydançada konkret olaraq 4 əsas pozisiya təyin olunmuşdur: Qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu. 1970-ci illərdə holland baş məşqçi Rinus Mixels bu üslubu bütün dünyaya yaymağa başladı məşqçi olduğu Ajax Amsterdam komandasında. Nəticədə həmin Ajax-da parlayan Yoxan Kroyff Ajax və Barselona futbol məktəblərinin əsasını məhz bu tərz əsasında qurmuşdur. Fəlsəfə ondan ibarət idi ki, meydançada olan hər bir oyunçu maksimal bacarıq toplusuna sahib olmalı və lazım gəldikdə komanda yoldaşlarını sığortamalıdır. Qapıçı hücumu başlama keyfiyyətlərinə sahib olmalı, hücumçu isə son müdafiəçi kimi komandasına kömək etmək bacarığında olmalıdır. Üstəlik hər bir oyunçu daimi hərəkət nəticəsində rəqibi tamamilə caşbaş vəziyyətə salır. Gözlənilməz, xaotik, kor plan olmadan. 1972-ci ildə Çempionlar Kubokunun finalında Ajax komandası Total Futbolun köməkliyi ilə İtaliyanın İnter komandasının tanınmış “katenaçço”-sundan 2:0 hesabı ilə üstün oldu. Artıq bu üslubun cari ildə 50 ili tamam olur və o, Futbolda Agile, Futbolda Xaos kimi adlara tamamilə layiqdir. Müasir komandaların əksəriyyəti məhz bu fəlsəfə ilə oyun üslublarını formalaşdırır.
Nəticə?
İlkin reaksiya -> “Belə futbol olmur! Konkret qaydalar var!”
Zaman ötdükcə -> “Bu bir inqilabdır! Futbolun yeni gözəlliyidir!”
Yekunda məqalənin ilk cümləsinə qayıtmaq istərdim.
1) Agile plansız şəkildə görülən işlərdir. - > Biz birlikdə anladıq ki, ümumi plansızlıqdan söhbət belə gedə bilməz. Agile cari planın vaxtında və anında dəyişilməsi, mövcud duruma əsasən faydalı surətdə modifikasiyasıdır.
2) Agile faydasız xaosdur. - > Xaosun nə olduğunu real keyslər əsasında birlikdə izlədik. Xaos düşünülmüş, insanları gözlənilməyən və təkrarolunmaz nəticələrə gətirə biləcək bir addımdır.
Düşünürəm ki, bu dəfə ki, məqalə üçün bu qədər. Özünüzə və yaxınlarınıza qarşı diqqətli olun!
Sizin Coach J
Ardı var...
04.06.2021
Xəbərlər
Layihə İdarəetməsində Etik Dəyərlər
Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...